CAVAD XANIN MƏZARINI ZİYARƏT
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 8-də Türkiyə Prezidenti Abdullah Gül və xanımı, qardaş ölkənin nümayəndə heyətinin üzvləri 1804-cü ildə yadelli işğalçıların hücumlarına mərdliklə sinə gərən və qeyri-bərabər döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə xanı Cavad xanın məzarını ziyarət etdilər.
Ali qonağa məlumat verildi ki, uzun illər Cavad xanın adını çəkmək yasaq olsa da, xalq onun xatirəsini qəlbində daim yaşatmış, respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycanın igid və qeyrətli oğlunun məzarının yeri müəyyənləşdirilərək bərpa olunmuşdur. Milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə Cavad xanın məzarı üstündə ona layiq gözəl türbə ucaldılmışdır.