Cəbhə bölgəsində Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı mövzusunda konfrans keçirilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, oktyabrın 23-də cəbhə bölgəsində “Dünya ordularının qabaqcıl təcrübəsi əsasında Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev konfransı açaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətlərinə dair geniş məruzə ilə çıxış edib.
Məruzə ətrafında çıxış edən Müdafiə Nazirliyinin müxtəlif idarələrinin, Əlahiddə Ümumqoşun Ordusunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin istiqamətləri barədə fikirlərini bölüşüblər.
Sonda Kərim Vəliyev belə tədbirlərin şəxsi heyətlə iş üzrə cavabdeh zabitlərin peşəkarlıq səviyyəsinin artırılmasına, təcrübə mübadiləsinin həyata keçirilməsinə layiqli töhfə verəcəyini bildirib.
Konfrans iştirakçılarının suallarını cavablandıran nazir müavini şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlərin Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün öz bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərinə əminliyini vurğulayıb.