DÜNYA
Cənubi Koreya Prezidentinin NATO sammitində iştirakı Pxenyana mesaj olacaq
![Cənubi Koreya Prezidentinin NATO sammitində iştirakı Pxenyana mesaj olacaq](/files/2023/2/1200x630/16886474764878442303_1200x630.jpg)
Pekin, 6 iyul, AZƏRTAC
Cənubi Koreya Prezidenti Yun Sok Yolun Litvada keçiriləcək NATO sammitində iştirak edəcəyi təsdiqlənib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kim Te-hyo açıqlayıb. Onun sözlərinə görə, Prezident Yun Sok Yolun NATO-ya üzv və tərəfdaş ölkələrin liderləri ilə görüşlərində Ukrayna müharibəsi, Şimali Atlantika alyansı ilə Asiya-Sakit okean regionu arasında əməkdaşlıq və təhlükəsizlik təhdidləri məsələləri müzakirə olunacaq.
Kim Te-hyo bildirib ki, dövlət başçısının NATO zirvə toplantısında iştirakı nüvə-raket təhdidləri çoxalan Şimali Koreyaya qarşı alyansla əməkdaşlığı gücləndirəcək və qanunsuz fəaliyyətinə dözüm göstərilməyəcəyi barədə Pxenyana güclü mesaj olacaq. Zirvə toplantısında NATO ilə Cənubi Koreya arasında kibertəhlükəsizlik, yeni texnologiyalar da daxil olmaqla 11 istiqamət üzrə ikitərəfli sənədlər imzalanacaq.
NATO-nun növbəti sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək. Prezident Yun Sok Yol Şimali Atlantika alyansının ötən il Madriddə keçirilən zirvə toplantısında da iştirak edib. Litva sammitində Yaponiyanın baş naziri Fumio Kişida da iştirak edəcək. Son vaxtlar Asiya-Sakit okean regionundan Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiyanın NATO ilə əməkdaşlığı genişləndirməsi Pekinin narazılığına səbəb olub. Çinin müdafiə naziri Li Şanfu bir müddət əvvəl bildirib ki, bu, regionda münaqişə və qarşıdurmalara gətirib çıxara bilər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin