DÜNYA
Cənubi Koreyada güclü yağışlardan ölənlərin sayı artır
![](/files/galleryphoto/2023/2/1200x630/16894806885880263172_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16894806882700021015_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16894806884613234127_1200x630.jpg)
Pekin, 16 iyul, AZƏRTAC
Cənubi Koreyada şiddətli yağışların səbəb olduğu daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 32-yə çatıb, azı 12 nəfər itkin hesab olunur.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, leysan yağışları ölkənin müxtəlif bölgələrində infrastruktura, fərdi evlərə xeyli ziyan vurub. Ölüm hallarının çoxu torpaq sürüşməsi nəticəsində baş verib. Bundan başqa, Şimali Çunqçonq vilayətində avtomobil yolundakı 685 metr uzunluğunda tunelə su dolması nəticəsində 15 avtomobil tuneldə qalıb. Xilasedicilər həmin avtomobillərdən 6 nəfərin meyitini tapıb, 9 nəfər xilas edilib.
Leysan yağışları səbəbindən 13 şəhər üzrə 7450 sakin təxliyə edilib. Ölkə üzrə 211 avtomobil yolu bağlanıb, habelə qatarların hərəkəti dayandırılıb.
Cənubi Koreyanın meteorologiya xidməti qarşıdakı bir neçə gün davam etməsi proqnozlaşdırılan leysan yağışları ilə bağlı xəbərdarlıq elan edib. Ölkənin müxtəlif bölgələrində şiddətli yağışlarla əlaqədar ən yuxarı səviyyədə böhran xəbərdarlığı elan edilib. Təbii fəlakətlə mübarizə qərargahına Baş nazir Han Dok-su rəhbərlik edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin