Cənubi Koreyada şiddətli yağışlar nəticəsində ölənlərin sayı 22-yə yüksəlib
Pekin, 15 iyul, AZƏRTAC
Cənubi Koreyada şiddətli yağışların səbəb olduğu fəsadlar nəticəsində ölənlərin sayı 22-yə, itkin düşənlərin sayı 10-a yüksəlib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, leysan yağışları səbəbindən minlərlə sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Ölüm hallarının əksəriyyəti Şimali Qyonqsan vilayətində torpaq sürüşməsi nəticəsində baş verib. Belə ki, sürüşmə yaşayış binasının uçmasına səbəb olub və 16 nəfərin həyatına son qoyub. Eyni səbəblərdən ölüm halları Cənubi Çunqçon vilayətində də qeydə alınıb. Bundan başqa, tunelə su dolması nəticəsində bir nəfərin avtomobildə ölməsi barədə məlumat var. Səlahiyyəti qurumlar müşahidə kameralarının görüntülərinə əsasən su basmış yollarda xeyli avtomobilin qaldığını bildirir.
Qosan rayonunda su anbarının daşması səbəbindən təxminən 6400 sakin təxliyə edilib. Bir neçə kəndlə əlaqə kəsildiyindən oradakı insanlar təhlükəli vəziyyətlə üzləşiblər. Hazırda müvafiq qurumlar həmin yaşayış məntqələrindən sakinləri təxliyə etmək üçün çalışırlar.
Leysan yağışları bəzi bölgələrdə infrastruktura, avtomobil və dəmir yollarına ciddi ziyan vurub. Həmin ərazilərdə 97 avtomobil yolunda, habelə paytaxt Seul ilə ölkənin cənub hissəsini birləşdirən dəmir yolu xətlərində hərəkət dayandırılıb, 19 milli park müvəqqəti bağlanıb. Çoncu şəhərində hərəkətdə olan qatar palçıq axını səbəbindən relsdən çıxıb. Xoşbəxtlikdən yüngül yaralanan maşinistdən başqa xəsarət alan olmayıb.
Xüsusən ölkənin mərkəzi hissəsində daha çox təsirli olan leysan yağışları zamanı 13 şəhər və rayonun elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb, xeyli sayda binaya və fərdi evə su dolub.
Cənubi Koreyanın meteorologiya xidməti qarşıdakı bir neçə gün davam etməsi proqnozlaşdırılan leysan yağışları ilə əlaqədar xəbərdarlıq elan edib. Daxili İşlər Nazirliyi isə paytaxt Seulda da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində gözlənilən şiddətli yağışlarla əlaqədar ən yuxarı səviyyədə böhran xəbərdarlığı elan edib. Prezident Yun Sok Yol təbii fəlakətlə mübarizədə bütün qüvvələrin səfərbər edilməsi barədə göstəriş verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin