Cənubi Koreyadakı ABŞ qoşunlarının saxlanma xərclərinə dair növbəti danışıqlar keçiriləcək
Pekin, 3 mart, AZƏRTAC
Cənubi Koreyadakı ABŞ qoşunlarının saxlanma xərclərinin bölüşdürülməsinə dair danışıqların 9-cu mərhələsi martın 5-də Vaşinqtonda keçiriləcək.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik ən qısa zamanda tərəflər üçün məqbul razılaşmanın əldə olunmasına ümid etdiyini açıqlayıb.
Cənubi Koreyadakı 28 min 500 nəfərlik ABŞ qoşunlarının saxlanma xərclərinin bölüşdürülməsinə dair tərəflər arasında sonuncu danışıqlar fevralın 5-də videokonfrans formatında keçirilib.
Qeyd edək ki, ABŞ qoşunlarının saxlanması xərclərinin bölüşdürülməsinə dair əvvəlki razılaşma 2019-cu ilin martında başa çatıb. Həmin razılaşmaya görə, Cənubi Koreya tərəfi 2019-cu ildə qoşunların saxlanması üçün əvvəlki ildəkindən 8,2 faiz çox (930 milyon ABŞ dolları) ayırıb.
Müttəfiqlərin ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərcləri ilə bağlı ciddi fikir ayrılığı olub. Bu səbəbdən hələ də Birləşmiş Ştatların hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair konkret nəticə əldə edilməyib. ABŞ-ın sabiq prezidenti Donald Tramp Cənubi Koreyanın ayıracağı vəsaitin 5 dəfə çoxaldılaraq 5 milyard ABŞ dollara çatdırılmasını təkid edirdi. Bundan başqa, Tramp administrasiyası Cənubi Koreyadan ABŞ hərbçilərinin ailələrinə dəstək və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı xərcləri ödəməsini də istəyib. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanları daxilində və ədalətli şəkildə artıra biləcəyini bəyan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin