SİYASƏT
Cəsarət Hüseynzadə: Azərbaycan suveren hüquqları ilə bağlı bütün məsələləri özü həll edir
![Cəsarət Hüseynzadə: Azərbaycan suveren hüquqları ilə bağlı bütün məsələləri özü həll edir](/files/2023/2/1200x630/16892611646446236408_1200x630.jpg)
Bakı, 13 iyul, AZƏRTAC
Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin çıxışı birinci yarımilliklə bağlı vəziyyətin qiymələndirilməsi baxımdan əhəmiyyətli məqamları üzündə ehtiva edirdi. Xüsusən Prezident İlham Əliyevin müxtəlif məsələlərlə bağlı ictimaiyyətin də xəbərdar olması üçün çağırışlar etməsi vacib məsələdir. Dövlətimizin başçımız tərəfindən bu istiqamətdə, xüsusən ictimai nəzarətin vacibliyi ilə bağlı çağırışları davamlı sərginlənib. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin müşavirədəki çıxışı bəzi məmurlar üçün də növbəti siqnal olmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, dövlətimizin başçısının müşavirədə Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsinin Espo Konvensiyasının tələblərinə zidd olması, bu kontekstdə ölkə ictimaiyyətinin etirazları, qeyri-hökumət təşkilatlarının beynəlxalq təşkilatlara, Ermənistanın rəsmi orqanlarına müraciətlərini diqqətdə saxlaması və bu məsələyə münasibət bildirməsi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Xüsusən Espo Konvensiyası istiqamətində dövlət qurumları tərəfindən fəaliyyətin davam etdirilməsinin tövsiyəsi Azərbaycanda müxtəlif sektorlar tərəfindən ümummilli məsələlər istiqamətində fəaliyyətin paralel və davamlı aparılmasını zəruri edir.
“Prezident İlham Əliyevin çıxışı ötən dövrə verilən qiymətlə yanaşı, yaxın dövr üçün əhəmiyyət kəsb edən məsələlərə baxışı da özündə ehtiva edir. Bu çıxış təkcə daxili auditoriyaya deyil, xüsusən Ermənistan və digər ölkələrdəki auditoriyaya ünvanlanıb. Ermənistan rəhbərliyi, bəzi xarici dövlət rəhbərləri və beynəlxalq təşkilatlar müəyyən nəticələr çıxarmalıdır. Dövlətimizin başçısı danışıqlar prosesində müsbətə doğru hərəkət olması, Ermənistanın Qarabağ və anklav kəndlər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması və sərhədlərini qəbul etməsi məsələsinə diqqət çəkib. Danışıqlarda irəliləyiş var. Amma bu irəliləyiş ölkəmizin sülh danışıqları ilə bağlı aydın və məntiqli addımlarının beynəlxalq hüquqa əsaslanması, Ermənistanın bu nöqtəyə öz xoşu ilə gəlməməsi, Azərbaycanın ardıcıl, prinsipial siyasi xətti, təzyiqləri onu buna məcbur etməsi ilə baş verib. Azərbaycan özünün suveren hüquqlarını, ətraf mühitlə bağlı məsələdən tutmuş ərazisinə qaçaq malların keçirilməməsinə qədər bütün problemlərini özü həll edir, bununla bağlı lazımi addımları atır”, - deyə C.Hüseynzadə qeyd edib.