Cəsur döyüşçü Pərvin Abdullayev: Hər şey Vətən üçündür!
Bakı, 22 iyun, AZƏRTAC
“Ölərəm əldən əgər getsə Vətən...”
Hamımız kimi o da uşaq olarkən bu şeiri əzbərləyib. Əzbərləyib, bəlkə də o vaxt bu misraların nə demək olduğunu anlamayıb.
O vaxt orta məktəb şagirdi olan Pərvinin ağlına da gəlməzdi ki, bir gün Vətənin başı üzərini qara buludlar alanda şeir kimi əzbərlədiyi bu misraları öz həyatında sübut etməyə çalışacaq...
AZƏRTAC xəbər verir ki, Pərvin Abdullayev 1989-cu ildə Sumqayıt şəhərində dünyaya gəlib. Onun atası Dövlət Abdullayev ehtiyatda olan polkovnikdir. Hərbçi ailəsində dünyaya göz açan Pərvin də həyatını hərbi sahə ilə bağlayıb.
Ötən il sentyabrın 27-də Qarabağı uğrunda haqq savaşı başlayanda gənc baş leytenant əlinə silah götürərək Qubadlı, Cəbrayıl, Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. Oktyabrın 17-də Füzuli istiqamətində gedən ağır döyüş zamanı başından üç qəlpə yarası alıb, həmçinin gözündən və ayağından da yaralanıb. "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyənin VM Medical Park Pendik xəstəxanasında başından əməliyyat olunub.
Vətən müharibəsi qazisi olan cəsur döyüşçü deyib: “Hərbçi olduğum üçün qətiyyən peşman deyiləm. Lap uşaq yaşlarımdan atamın hərbi geyiminə həsədlə baxar, böyüyəndə onun yolunun davamçısı olacağımı düşünürdüm. Uşaqlıq arzumu həqiqətə çevirdiyim üçün həmişə özümü xoşbəxt hiss etmişəm. Hərbçi Vətənin dar günündə birinci sırada olmayacaqsa, onda bu sənəti nə üçün seçib? 28-30 il erməni vandallarının tapdağı altında qalan əzəli və əbədi torpağımızı yağı düşməndən təmizlənməsi uğrunda döyüşün ilk günündən ön xətdə olmuşam. Təxminən 20 gün azğınlaşmış quldurlara qarşı döyüşdüm, hər gün onlara verilən layiqli cavabın şahidi və iştirakçısı oldum. Düzdür, Qələbə gününü səngərdə qarşılaya bilmədim, amma hesab edirəm ki, nə qədər olmasa da, bu Qələbədə az-çox mənim də payım var. Təkcə bu sevinci yaşamaq bir ömür boyu mənə bəsdir. Yaralarımın müalicəsi isə davam edir. “YAŞAT” Fondu bu işdə mənə möhkəm dayaq durdu, Türkiyədə müalicə kursu keçmişəm. Hər şey yaxşılığa doğrudur. İyulun 1-də müalicə üçün yenidən qardaş ölkəyə üz tutacağam. Tam normal həyata qayıdacağıma böyük ümidim var”.
Qeyd edək ki, Pərvin Abdullayev "Cəsur döyüşçü" medalı, 'Vətən müharibəsi iştirakçısı", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.