Ceyhun Bayramov: Azərbaycan ilk günlərdən ATƏT-in fəaliyyətində mühüm rol oynayıb
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan ilk günlərdən ATƏT-in fəaliyyətində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birlikdə Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında deyib.
Ceyhun Bayramov həmkarı ilə bir çox məsələlər barədə müzakirələr apardığını vurğulayaraq bildirib: “İkitərəfli kontekstdə enerji təhlükəsizliyi, turizm, iqtisadiyyat və başqa sahələrdə danışıqlar apardıq. Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da müzakirə olundu. Münasibətlərimizə çox nikbin baxırıq. Həmçinin hazırda gedən proseslər və siyasi, hərbi hadisələr barədə də fikirlərimizi bölüşdük. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edildi. Şimali Makedoniyanın sədrliyi ilə ATƏT bir çox məsələdə fəallıq nümayiş etdirəcək”.
Dekabrdan etibarən Ermənistanla görüşlərin keçirilmədiyini söyləyən nazir tezliklə danışıqların baş tutacağına əminliyini ifadə edib: “Bölgədə şahidi olduğumuz siyasi və hərbi təxribatlar var və bunlar təəssüf hissi doğurur. Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, bununla bağlı addımlar atılmaqda davam edir. Danışıqlar zamanı qaçqınların və məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmaları haqqında, eyni zamanda, Qarabağda aparılan bərpa quruculuq işləri barədə məlumat verildi. ATƏT-in bizə hansı mövzularda dəstək ola biləcəyi bildirildi. Mina təhlükəsi hazırda böyük problemlərdən biridir və Ermənistanın mina xəritələrini verməməsi işləri çətinləşdirir”.