SİYASƏT
Ceyhun Bayramov: Ölkəmizin xarici siyasət kursunun əsasının qoyulması Ulu Öndərin adı ilə bağlıdır
Bakı, 10 iyul, AZƏRTAC
Müstəqil xarici siyasət hər bir dövlətin əsas atributlarından biridir. Bütün digər sahələrdə olduğu kimi, ölkəmizin xarici siyasət kursunun əsasının qoyulması da anadan olmasının 100-cü ildönümünü qürurla qeyd etdiyimiz, dərin hörmət və minnətdarlıqla yad etdiyimiz görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov iyulun 10-da ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və xüsusilə Azərbaycan ilə bağlı maraqlarını, bu bölgədə ambisiyalarını nəzərə alaraq çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Ulu Öndərin uğurlu xarici siyasət kursu nəticəsində xüsusilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi kimi məsələ həllini tapmışdı.