Çad Senatının Vitse-prezidenti: Geosiyasi böhranlar ölkələrimizin inkişaf perspektivlərini ciddi sınaq qarşısında qoyur
Bakı, 24 iyun, AZƏRTAC
Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan bu gün iqtisadi modernləşmə modelini, eləcə də əlverişli coğrafi mövqeyindən strateji şəkildə istifadə etməklə tərəqqi və ortaq rifahın təşviqinə nail olan uğurlu inkişaf nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Çad Senatının Vitse-prezidenti Mbanq Hacı Voli deyib.
O, Çad nümayəndə heyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə bu mühüm toplantının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib və qeyd edib: “Bu konfrans dünyanın, xüsusilə də regionumuzun mürəkkəb və narahat bir dövrünə təsadüf edir. Geosiyasi böhranlar, silahlı münaqişələr, iqtisadi gərginliklər, humanitar fəlakətlər və iqlim dəyişiklikləri beynəlxalq sabitliyi daha da sarsıdır, ölkələrimizin inkişaf perspektivlərini ciddi sınaq qarşısında qoyur”.
Mbanq Hacı Voli vurğulayıb ki, sözügedən çətinliklər qarşısında beynəlxalq həmrəylik, qarşılıqlı hörmət və çoxtərəfli əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. İslam Əməkdaşlıq Təşkilatı bu çağırışlara prinsipial, vahid və qətiyyətli mövqe ilə cavab verməli, üzv dövlətlərin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində daha fəal rol oynamalıdır.