Çen Qoupen: Çin-Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün geniş imkanlar var
Pekin, 17 avqust, AZƏRTAC
Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Lətif Qəndilov avqustun 14-də bu ölkənin xarici işlər nazirinin müavini Çen Qoupen ilə görüşüb.
İkitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirən Çen Qoupen dövlət başçılarının dostluq münasibətləri sayəsində münasibətlərimizin sağlam zəmində inkişaf etdiyini vurğulayıb. O, ötən ilin mayında Şanxayda ölkə başçılarının görüşünün əməkdaşlığın bütün sahələrdə inkişafına ciddi təkan verdiyini deyib. İlin əvvəlindən hökumət, parlament, partiya və ictimai təşkilatlar xətti ilə Azərbaycandan Çinə çoxlu sayda uğurlu səfərin həyata keçirildiyini qeyd edən Çen Qoupen ötən il xarici işlər naziri Elmar Məmmədyarovun Pekinə səfərinin əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.
Çin rəsmisi iqtisadi-ticarət, maliyyə, humanitar sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib, münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün geniş imkanların olduğunu vurğulayıb. O, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlığın genişləndirlməsi, bundan sonra da qarşılıqlı dəstək verilməsinin vacibliyini qeyd edib.
Çen Qoupen 2014-2015-ci illərdə Azərbaycan incəsənət ustalarının Pekində konsertlərinin təşkilini yüksək qiymətləndirərək bu tədbirlərin xalqlarımız arasında əlaqələrin inkişafı baxımından vacib məqam kimi səciyyələndirib.
Səfir L.Qəndilov Tiencin şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanlanmış başsağlığı məktubunu təqdim edib.
L.Qəndilov ölkələrimiz arasında münasibətlərin inkişafının məmnunluq doğurduğunu təsdiq edərək əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün birgə səylərin gücləndirilməsinə Azərbaycan tərəfinin hazır olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycanın Çin tərəfindən son dövrlər irəli sürülən təşəbbüslərə dəstək verdiyini vurğulayıb və bunun bariz nümunəsi olaraq Asiya İnfrastruktur İnvestisiya Bankında (AİİB) ölkəmizin təsisçi-üzv qismində təmsil olunmasını göstərib.
L.Qəndilov ölkəmizin ŞƏT-ə dialoq üzrə tərəfdaş statusunda qəbul olunmasında Çin tərəfinin verdiyi dəstəyə görə təşəkkür edib, bu təşkilat çərçivəsində bütün istiqamətlərdə, o cümlədən “İpək yolunun iqtisadi dəhlizi” sahəsində də əlaqələrimizin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Diplomat Çin məhsullarının Avropaya çatdırılmasında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin böyük strateji əhəmiyyəti barədə geniş məlumat verib, Çindən yola salınan ilk konteyner qatarının artıq ölkəmizə çatdığını da nəzərə çatdırıb.
Səfir L.Qəndilov ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komisyasının iclasına hazırlıq məqsədilə dövriyyədə olan saziş layihələrinə baxılmasının surətləndirilməsini xahiş edib.
Görüşdə beynəlxalq və regional məsələlər üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyü, beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində qarşılıqlı dəstək verilməsinin zərurəti vurğulanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin