Çexiyada prezident seçkiləri keçirilir VİDEO
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13 və 14-də Çexiyada prezident seçkilərinin birinci turu keçirilir.
AZƏRTAC Praqa radiosuna istinadla xəbər verir ki, Çexiyanın növbəti lideri doqquz namizəd arasından seçiləcək. Onların sırasında Çexiyanın sabiq Baş naziri Andrey Babiş, "Azadlıq və Birbaşa Demokratiya" parlament hərəkatının üzvü Yaroslav Başta, “Starosta” parlament fraksiyasının senatoru Marek Gilşer, Çexiya Ordusu Baş qərargahının sabiq rəisi Petr Pavel və başqaları var. Əsas mübarizənin Andrey Babiş və Petr Pavel arasında gedəcəyi gözlənilir.
Bu, ölkə tarixində üçüncü birbaşa prezident seçkiləri olacaq. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, yanvarın 27 və 28-də seçkilərin ikinci turu keçiriləcək. Burada birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
Çexiya parlament respublikasıdır. Qanunvericilik hakimiyyəti Deputatlar Palatası və Senatdan ibarət ikipalatalı parlament, icra hakimiyyəti isə prezident və hökumət tərəfindən təmsil olunur. Konstitusiyaya görə, əsas səlahiyyətlər hökumətə məxsusdur, prezidentin səlahiyyətləri isə xeyli məhduddur. Prezident seçkiləri beş ildən bir, parlament seçkiləri dörd ildən bir keçirilir.