Çikaqo şəhərində Xocalı faciəsinin qurbanları anılmışdır
Bakı, 3 mart (AZƏRTAC) ABŞ-ın müxtəlif ştatlarında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində İllinoys ştatının Çikaqo şəhərində yerləşən nüfuzlu Loyola Universitetində faciə qurbanlarının anma mərasimi keçirilmişdir.
Mərasimdə Universitetin professor-tələbə heyəti, Azərbaycan və türk diasporunun nümayəndələri, həmçinin beynəlxalq cinayətlərin araşdırılması sahəsi üzrə tanınmış mütəxəssislər iştirak etmişlər.
Tədbirdə ilk olaraq Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi Könül Süleymanlı çıxış edərək, faciə haqqında iştirakçıları məlumatlandırmış, ermənilər tərəfindən törədilmiş vəhşiliyin tək Azərbaycan xalqına qarşı deyil, ümumilkdə insanlığa qarşı cinayət olduğunu bildirmişdir.
Xocalı faciəsinin qurbanlarının xatirəsinin hər bir azərbaycanlının xüsusi ehtiram və kədərlə daim xatırladığını bildirən diplomat bu kimi faciələrin qarşısının alınması üçün mövcud münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həllinin vacibliyini vurğulamışdır.
Daha sonra Loyola Universitetinin məzunu və tədbirin təşkilatçısı, Azərbaycan icmasının fəal üzvlərindən olan Mehriban Məmmədova təqdimatla çıxış edərək, tədbir iştirakçılarına faciənin baş vermə səbəbləri, həmin dövrün mətbuatında işıqlandırılması barədə məlumar vermiş, Xocalı faciəsinin törədilməsində birbaşa iştirakı olan şəxslərin hazırda azadlıqda olmasının ən böyük haqsızlıq adlandırmış və 2008-ci ildən başladılmış “Xocalıya ədalət” kampaniyasının əsas məqsədinin də dünya ictimaiyyətinin faciə haqqında doğru məlumatlandırılması olduğunu vurğulamışdır.
Tədbirdə həmçinin çıxış edən Xəyalə Musayeva faciənin beynəlxalq hüquqi sənədlər və konvensiyalar konteksindən müqayisəli təhlilini aparmışdır.
Tədbirin sonunda amerikalı ud ifaçısı Cudit Montalvonun ifasında həzin musiqilər səsləndirilmiş və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş foto-sərgi nümayiş etdirilmişdir.