Çimərlik həndbolu üzrə ölkə çempionatının oyun cədvəli müəyyənləşib
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 18-20-də Bakı Su İdmanı Sarayında keçiriləcək çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının oyun cədvəli müəyyənləşib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, çempionatın açılış oyunu saat 09:30-da qadın komandalar arasında keçiriləcək. “İdman Akademiyası” komandası “Azəryol-2” klubu ilə qarşılaşacaq.
Qadınlar arasında matçlar bitdikdən sonra saat 17:45-də yarışın açılış mərasimi keçiriləcək. Daha sonra kişi həndbolçular arasında oyunlara start veriləcək. Kişilər arasında turun ilk qarşılaşması “Məhsul” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri arasında oynanılacaq.
Yarışın ilk iki günü qadın həndbolçulardan ibarət hər klub meydana iki, kişi komandalar isə bir dəfə çixacaqlar.