Çin ABŞ-dan sanksiyaların ləğvini istəyir
Pekin, 14 iyul, AZƏRTAC
Çinin əsas diplomatı, Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici məsələlər üzrə komissiyasının dəftərxana rəhbəri Van İ ABŞ-ı Çinə iqtisadiyyat, ticarət, elm və texnologiya sahələrindəki təzyiqləri dayandırmağa, qanunsuz və əsassız sanksiyaları aradan qaldırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Van İ Çinin bu tələbini İndoneziyanın paytaxtı Cakartada ASEAN ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində iyulun 13-də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə səsləndirib. O, ölkəsinin Tayvan məsələsi ilə bağlı sərt mövqeyini bir daha bəyan edərək, Vaşinqtonu ÇXR-in daxili işlərinə müdaxilədən, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü pozmağa yönələn cəhdlərdən çəkinməyə səsləyib.
“ABŞ-ın rasional və praqmatik yanaşmaya riayət etməsi, Çinlə eyni istiqamətdə çalışması, Çin-ABŞ münasibətlərinin rəhbər prinsiplərinə dair məsləhətləşmələri təşviq etməsi, diplomatiya və təhlükəsizlik sahəsində ünsiyyət kanallarını genişləndirməsi, xalqlar arasında maneəsiz mübadiləni təşviq etməsi lazımdır”, - deyə Van İ bildirib.
Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ABŞ tərəfinin xahişi ilə baş tutan görüşdə tərəflər Asiya-Sakit okean və digər mövzuları müzakirə ediblər. Ünsiyyəti davam etdirmək barədə razılıq əldə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin