Cuanşer Burçuladze: Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı vacib əhəmiyyətə malikdir
Tbilisi, 22 iyun, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Gürcüstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində o, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, Gürcüstan Müdafiə Qüvvələrinin transformasiyasına Türkiyənin dəstəyi, regional təhlükəsizlik məsələləri və mövcud çağırışlar müzakirə edilib. Tərəflər Qara dənizdə təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetiriblər.
Söhbət zamanı Gürcüstan ilə Türkiyə arasındakı strateji tərəfdaşlığın önəmi vurğulanıb.
Cuanşer Burçuladze Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının vacibliyini vurğulayıb. O, birgə üçtərəfli təlimlərin ölkələrimizin qarşılıqlı əməliyyat qabiliyyətini artırdığını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi