İDMAN
Cüdoçularımız üçün düzgün qidalanma qaydaları mövzusunda maarifləndirici seminar təşkil olunub
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycanın cüdo üzrə milli komandaları üçün düzgün qidalanma qaydaları mövzusunda maarifləndirici seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə böyüklərdən, gənclərdən, yeniyetmələrdən və qadınlardan ibarət yığmaların üzvləri ilə yanaşı, onların məşqçiləri və tibbi heyəti də iştirak edib.
Seminar İsrailin Vinqeyt Bədən Tərbiyəsi və İdman İnstitutunun mütəxəssisi, Beynəlxalq Olimpiya Komitəsinin idman qidalanması üzrə diplom proqramının məzunu, 2010-cu ildən etibarən sertifikatlaşdırılmış peşəkar diyetoloq kimi fəaliyyət göstərən Ameli Rossenu tərəfindən aparılıb. Burada idmançılara müsbət və mənfi təsir göstərə bilən qidalar və onları qəbul etmə qaydaları barədə ətraflı məlumat verilib. Diyetoloq çəki salma və digər narahatlıq yarada biləcək problemlərin düzgün həll olunmasından danışıb. Təlimlərdə qidalanma planının düzgün hazırlanması, məşqlər və yarışlar zamanı hansı qidalardan istifadə olunması və digər mövzular müzakirə olunub. Seminar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara əlavə məsləhətlər verilib.
Qeyd edək ki, A.Rossenu peşəkar cüdoçu olub və karyerası ərzində 23 yaşadək idmançılar arasında Avropa çempionatında qızıl medal əldə edib, həmçinin “Böyük dəbilqə” və Qran-Pri yarışlarının mükafatçısıdır.