CÜMHURİYYƏT MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 8-də Prezident Abdullah Gül, onun xanımı və Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına gəldilər. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra bu binada fəaliyyətə başlamışdır. Burada yaradılmış Cümhuriyyət muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat oyatdı. Burada ilk müstəqil Azərbaycan dövlətinin yaradıcıları Fətəli Xan Xoyski, Nəsib bəy Usubbəyov, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Səməd bəy Mehmandarov və başqaları ilə yanaşı, 1918-ci ildə ermənilərin Gəncədə, eləcə də Azərbaycanın müxtəlif şəhərlərində törətdikləri soyqırımın qarşısının alınmasında fədakarlıq göstərən Nuru paşanın da şəkli vurulmuşdur.
Türkiyə Prezidenti Abdullah Gülə və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları barədə ətraflı məlumat verildi.