Dağ meşələrində yamacların ağac cinslərinin yayılmasına təsiri araşdırılıb
Bakı, 13 iyul, AZƏRTAC
Böyük Qafqazın cənub-şərq yamacının orta dağlıq qurşağında formalaşmış dağ meşələrində yamacların səmtinin əsas meşə əmələ gətirən ağac cinslərinin yayılmasına təsiri araşdırılıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tədqiqat zamanı dağlıq ərazilərdə yamacların səmtinin ekoloji tələbatının müxtəlif növ ağac cinslərinin yayılmasına, onların yaratdığı meşələrin məhsuldarlığına və davamlılığına təsiri öyrənilib.
Böyük Qafqaz fiziki-coğrafi vilayətinin cənub-şərq hissəsinin şimal-şərq yamacının orta dağlıq qurşağında formalaşmış olan və “Fagus orientalis Lipsky” cinsinin üstünlük təşkil etdiyi 50, 70 və 90 yaşlı meşələr dağların nisbətən quraqlıq və daha yaxşı işıqlanan cənub, cənub-şərq və cənub-qərb yamaclarına nisbətən daha çox rütubətli və cənub səmtli yamaclara nisbətən az işıqlanan kölgəli və rütubətli şimal səmtli yamaclar ən böyük məhsuldarlığa malikdir.
Müəyyən edilib ki, “Quercus iberica” cinsinin üstünlük təşkil etdiyi 50, 70, 90 yaşlı meşələr daha çox oduncaq ehtiyatı yaradır. Qərb, şimal və şərq səmtli yamaclarda “Quercus iberica”nın üstünlük təşkil etdiyi 90 yaşlı meşələrə təsadüf olunmur.
Böyük Qafqazın cənub-şərq hissəsinin, şimal-şərq yamacının orta dağlıq qurşağında Şabran inzibati rayonu ərazisində meşələr üzərində müşahidələr aparılıb və meşə əmələ gətirən ağac cinslərinin müxtəlif yamaclar üzrə yayılmasından asılı olduğu aşkarlanıb. Dağlıq ərazilərdə, o cümlədən tədqiqat aparılan ərazilərdə günəş şüalarının az işıqlandırdığı kölgəli və rütubətli şimal səmtli yamaclarda “Quercus iberica” cücərtiləri öz ömürlərinin ilk illərində “Fagus orientalis Lipsky” ağaclarının və ekoloji tələbatı “Fagus orientalis Lipsky” ağacının ekoloji tələbatlarına yaxın olan həmin cinsdən olan ağacların yaratdıqları kölgəli şəraitdən zərər çəkir. “Quercus iberica” günəş şüalarının nisbətən yaxşı işıqlandırdığı cənub səmtli yamaclardа daha yaxşı bitir. Bu yamaclarda “Quercus iberica” üstünlük təşkil etdiyi meşələr ən yüksək məhsuldarlığa malik olur.