İDMAN
DAHA BİR AZƏRBAYCAN BOKSÇUSU AFİNA OLİMPİADASINDA İLK GÖRÜŞÜNÜ QƏLƏBƏ İLƏ BAŞA ÇATDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandasının daha bir üzvü - boksçu Ruslan Xairov avqustun 15-də Afinada ilk görüşünü keçirmişdir. 69 kiloqram çəki dərəcəsində çıxış edən Ruslan Xairov Kanada idmançısı Adam Trupiş ilə qarşılaşmışdır.
Görüşün ilk dəqiqəsindən üstünlüyü ələ alan idmançımız hesabda irəli çıxmış və birinci raund 9:3 hesabı ilə onun xeyirinə başa çatmışdır. İkinci raundda da yüksək peşəkarlıq nümayiş etdirən Ruslan Xairov rəqibinə 17:5 hesabı ilə qalib gəlmişdir. Bu raundda Ruslanın güclü zərbəsindən rəqibi ciddi zədə alaraq yarışı dayandırmışdır. Beləliklə, Azərbaycan boksçusu 2 raundda qələbə qazanaraq 18 finala çıxmışdır.
Xatırladaq ki, bir gün əvvəl, avqustun 14-də daha iki boksçumuz - 75 kiloqram çəki dərəcəsində Cavid Tağıyev və 81 kiloqram çəki dərəcəsində Əli İsmayılov ilk görüşlərini qələbə ilə başa çatdıraraq 18 finala çıxmışlar.