DAHİ NİZAMİ GƏNCƏVİNİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül və xanımı, qardaş ölkənin nümayəndə heyətinin üzvləri Gəncəyə səfərin sonunda Şərqin dahi söz ustası və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.
Ali qonağa məlumat verildi ki, Şeyx Nizaminin məqbərəsi 1991-ci ildə müxtəlif xarici ölkələrdən gətirilmiş qiymətli tikinti materiallarından istifadə edilməklə yenidən qurulmuşdu. Bununla belə, dahi şairin xatirəsinə yüksək ehtiramın əlaməti olaraq, hazırda ölkə başçısı İlham Əliyevin tapşırığı ilə məqbərədə təmir işlərinə başlanılmışdır.
Prezident Abdullah Gül və xanımı Nizami Gəncəvinin məzarını ziyarət etdilər. Türkiyənin dövlət başçısı fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, məqbərənin önündə xatirə şəkli çəkdirdi.
Prezident Abdullah Gül elə buradaca Azərbaycan jurnalistlərinin suallarına cavab verdi, ölkəmizə, o cümlədən qədim Gəncəyə səfərindən çox məmnun qaldığını söylədi.