Danimarkada ətraf mühiti çirkləndirən köhnə nəqliyyat vasitələri qadağan ediləcək
Stokholm, 1 mart, AZƏRTAC
Danimarkada ətraf mühiti çirkləndirən köhnə yük maşınlarının, avtobus və mikroavtobusların şəhər hüdudlarında hərəkətini qadağan etmək istəyirlər.
AZƏRTAC bunu Danimarka KİV-lərinə istinadla bildirir.
Hökumətin yeni təklifinə əsasən, 2020-ci ilin yayından başlayaraq Danimarkanın bir neçə şəhərində köhnə yük maşınlarının, avtobus və mikroavtobusların hərəkəti qadağan ediləcək.
Bu addım parlament tərəfindən bəyənilsə və yuxarıda adı çəkilən nəqliyyat vasitələri təmizləmə filtrləri ilə təchiz edilməsə, onların Kopenhagen, Frederiksberq, Orxus, Odense və Olborq şəhərlərinə girişi qadağan ediləcək.
Danimarkanın ətraf mühit və ərzaq naziri Yakob Ellemann-Yensen deyib: “Bizə daha təmiz hava lazımdır. Havanın çirklənməsi ömrün qısalmasının, xəstəliklərin, hər gün insanların səhhətinə dəyən zərərin mənbəyidir”.
Hökumətin hesablamalarına görə, bu təşəbbüsün həyata keçirilməsi maşınların hərəkəti nəticəsində əmələ gələn his hissəcikləri tullantılarını 25 faizdən çox azaltmağa kömək edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm