“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna bir sıra dəyişikliklər təklif edilir
Bakı, 13 iyun, AZƏRTAC
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yer quruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. Təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
Qanun layihəsi qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanın aparılmasının, araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdə isə torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsinin hüquqi əsaslarını təsbit edir.