DAŞKƏNDDƏ GÖMRÜKÇÜLƏRİN BEYNƏLXALQ KONFRANSI
Daşkənddə Ümumdünya Gömrük Təşkilatının himayəsi ilə “Böyük İpək yolu dövlətlərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatmışdır.
Konfransda 30-a yaxın ölkənin gömrük orqanlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi baş idarəsinin rəisi Güloğlan Muradov iştirak etmişlər.
Konfransın əvvəlində Özbəkistan baş nazirinin müavini Rüstəm Yunusov dövlət başçısı İslam Kərimovun konfrans iştirakçılarına təbrikini oxumuşdur.
Konfransda Böyük İpək yolunun tarixi və onun dirçəldilməsində Özbəkistanın rolu, daxili işlər orqanlarının narkotik maddələrin qanunsuz daşınmasına qarşı mübarizəsi, Mərkəzi Asiyada narkobizneslə mübarizə probleminə konseptual yanaşma, beynəlxalq əməkdaşlıq, informasiya mübadiləsi və daşınmalara nəzarət, Böyük İpək yolu ilə daşınan narkotik maddələrin dövriyyəsinin təhlili, gömrük mühafizə şəbəkəsinin informasiya mübadiləsində rolu və başqa mövzularda məruzələr dinlənilmişdir.
Güloğlan Muradov bu sahədə Azərbaycanda görülən işlər haqqında məlumat vermişdir. O demişdir:
- 1996-cı ildə Azərbaycan prezidenti möhtərəm Heydər Əliyevin fərmanı ilə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət komissiyası yaradılmışdır və uğurla fəaliyyət göstərir. “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında qanun” qəbul edilmiş, bu məsələ ilə bağlı Milli Proqram təsdiq olunmuşdur.
Dağlıq Qarabağın işğalı nəticəsində Azərbaycan öz dövlət sərhədlərinin 132 kilometrinə nəzarət edə bilmir. Həmin ərazidən isə MDB və Avropaya narkotik maddələr keçirilir. Beynəlxalq ictimaiyyət belə halların qarşısını almalıdır.
Konfransın sonunda Daşkənd bəyannaməsi qəbul edilmişdir. Sənəddə operativ informasiya və təcrübə mübadiləsi, texniki sahədə əməkdaşlıq, nəzarət məntəqələrinin yeni avadanlıqla təchiz edilməsi, kinoloji mərkəzlərin fəaliyyətinin gücləndirilməsi məsələləri öz əksini tapmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd