Daşkənddə Mərkəzi Asiya-Avropa İttifaqı beyin mərkəzləri forumu keçiriləcək
Bakı, 18 mart, AZƏRTAC
Martın 19-da Beynəlxalq Mərkəzi Asiya İnstitutunda “Daşkənd platforması: Mərkəzi Asiya ilə Avropa arasında körpülərin qurulması” adlı Mərkəzi Asiya-Avropa İttifaqı beyin mərkəzləri forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın “UzA” milli informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, aprelin 3-dən 4-nə kimi Səmərqənddə keçirilməsi planlaşdırılan Mərkəzi Asiya-Avropa İttifaqının birinci rəsmi sammiti ərəfəsində keçirilən tədbir hər iki regionun ekspertləri üçün əsas müzakirə platforması rolunu oynayacaq.
Forum zamanı iştirakçılar regionlararası qarşılıqlı fəaliyyətin aktual problemləri, ekspert və biznes icmaları arasında dialoqun və koordinasiyanın gücləndirilməsi, əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyən edilməsi, tərəfdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün praktiki təkliflərin hazırlanması üzrə hərtərəfli müzakirələr aparacaqlar. Forumun gündəliyinə ticarət və investisiya, regional əlaqə, texnoloji əməkdaşlıq, süni intellekt, kritik minerallar, yaşıl enerji, iqlim dəyişikliyi və davamlı inkişaf daxildir.
Tədbirdə Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Latviya, Litva, Polşa, Türkiyə, Finlandiya, Fransa, Estoniya, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan rəsmi şəxslər, diplomatik korpusun, beynəlxalq təşkilatların, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.