Daşkənddə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Daşkənd, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Ulu Öndərin anım günü ilə əlaqədar mərasim təşkil edib.
Mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Tədbir iştirakçıları Mərkəzdəki Heydər Əliyev muzeyini ziyarət edib, foyedə Ulu Öndərin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar haqqında kitab və albomlara, Azərbaycanın tarixi, mədəniyyəti barədə nəşrlərə baxıblar.
Səfir Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi sözün əsl mənasında xilas etməsi haqqında söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, uğurlu nəticələr əldə edildi. Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Daşkənddə çap edilən “Jaxon adabiyyati” jurnalının baş redaktoru Şuxrat Rzaev və başqaları Heydər Əliyevin xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib, qüdrətli dövlət xadiminin Azərbaycan və türk dünyası qarşısındakı xidmətləri haqqında danışıblar.
Tələbələr Arzu Mirqasımova və Mehriban Adıgözəlova Heydər Əliyevə həsr olunan şeirlər oxuyublar.
Sonra “Ulu öndər xatirələrdə” sənədli filmi nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd