DAŞKƏNDDƏKİ SƏFİRLİYİMİZDƏ HƏMRƏYLİK GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Özbəkistanda və Cənubi Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbərləri, Ağsaqqalar Şurasının üzvləri iştirak etmişlər.
Ümummilli liderimiz, tanınmış siyasi xadim Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra səfirliyin əməkdaşı Elxan Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinin mətnini oxumuşdur.
Ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov tədbirə toplaşanlar qarşısında çıxış edərək demişdir: - Bu bayram dünya şöhrətli siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə bu bayram 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd edilib və bunun da təşəbbüskarı Heydər Əliyev olmuşdur. Sonra bu bayram Azərbaycanın bütün ərazisində qeyd olunmağa başlanmışdır.
Möhtərəm Heydər Əliyev dünya azərbaycanlılarını bir yerə yığa bildi və bu onun uzaqgörən siyasətinin nəticəsi idi. Dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı buna əyani sübutdur. Dünyanın heç bir ölkəsində xaricdə yaşayan soydaşlarla iş üzrə qurum yoxdur. Azərbaycanda isə belə bir komitə yaradılmış və qurum məqsədyönlü iş aparır.
Səfir Daşkənddə Heydər Əliyevin adının əbədiləşdirilməsindən danışaraq demişdir ki, bu istiqamətdə mühüm işlər görülür və yaxın vaxlarda açıqlama veriləcək.
Çıxış edənlər bu fikirləri müdafiə etdiklərini bildirmiş, bunun üçün maddi və mənəvi kömək göstərməyə hazır olduqlarını qeyd etmişlər.