Daşkəsəndə vəzifəli şəxs barəsində inzibati protokol tərtib olunub
Daşkəsən, 23 avqust, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı rayonun Bayan kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.