“Davam” Gənclər Hərəkatının nümayəndələri QHGT-nin mənzil qərargahında olublar
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və “Davam” Gənclər Hərəkatı arasında QHGT-nin mənzil qərargahında görüş keçirilib.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatından AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı “Davam” Gənclər Hərəkatının nümayəndələri QHGT-nin mənzil qərargahı və qərargah daxilində təsis olunan Tədqiqat Mərkəzinin şəraiti ilə tanış olublar.
Daha sonra, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə qonaqlara QHGT-nin məqsəd və prinsipləri, o cümlədən Təşkilatın təsisindən bəri həyata keçirdiyi irimiqyaslı tədbirlərdən söz açıb.
“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı öz növbəsində QHGT-nin mənzil qərargahının açılışı münasibətilə O.Qəhrəmanzadəni təbrik edərək Təşkilata fəaliyyətində uğurlar arzulayıb. Tərəflər qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
“Davam” Gənclər Hərəkatının təmsilçiləri QHGT qərargahına Ulu Öndər Heydər Əliyevin portretini əks etdirən xatirə hədiyyəsi təqdim ediblər. Görüşün sonunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il iyulun 29-da Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda Qoşulmama Hərəkatı gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.