SİYASƏT
David Zalkaliani: Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı müştərək komissiya yaxın vaxtlarda fəaliyyətə başlayacaq
![David Zalkaliani: Azərbaycan-Gürcüstan sərhədləri ilə bağlı müştərək komissiya yaxın vaxtlarda fəaliyyətə başlayacaq](/files/2019/2/1200x630/1556837851217586068_1200x630.jpeg)
Tbilisi, 3 may, AZƏRTAC
Biz Azərbaycan tərəfi ilə mütəmadi danışıqlar aparırıq və yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müştərək komissiya fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Nazir deyib: “Məsələ ilə bağlı azərbaycanlı həmkarım ilə mütəmadi əlaqə saxlayırıq. Biz artıq bir sıra məsələlərdə, o cümlədən sərhədlə bağlı müştərək komissiyanın işinin bərpası barədə razılıq əldə etmişik”.
D.Zalkaliani son günlər “Keşikçidağ” məbədi (David Qareci) ətrafında gedən proseslərə də münasibət bildirib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və “Keşikçidağ” məbəd kompleksi ilə bağlı məsələ çox həssas olduğu üçün biz bu cür problemlərə həssaslıqla yanaşırıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi