Daxili Qoşunlar Komandanının rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olub
Bakı, 1 iyun, AZƏRTAC
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Kalmuxammed Kasımovun dəvəti ilə mayın 29-dan 31-dək bu ölkədə səfərdə olub.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin birinci günü nümayəndə heyəti daxili işlər orqanlarının vahid sisteminə daxil olan Qazaxıstan Respublikası Milli Qvardiyasının inzibati binasında Milli Qvardiyanın Baş Komandanı, general-leytenant Ruslan Jakslikov ilə görüşüb.
Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbərinə Milli Qvardiyanın xidməti-döyüş fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verilib. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq münasibətlərinin perspektivlərinin müzakirə olunduğu görüşdə qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində növbəti görüş Qoşunların İdarə Olunması Mərkəzində keçirilib. Mərkəzin akt zalında monitor vasitəsilə idarəetmə, idarəetmənin texniki imkanları praktiki şəkildə nümayiş olunub.
Həmin gün general-leytenant Ş.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Milli Müdafiə Universitetində təlim-təhsilin vəziyyəti ilə maraqlanıb, yaradılmış şəraitlə tanış olub. Universitetin beynəlxalq əlaqələri barədə azərbaycanlı qonaqlara məlumat verilib.
Daha sonra Daxili Qoşunların zabitlərindən ibarət nümayəndə heyəti Milli Qvardiyanın Astanadakı “N” saylı hərbi hissəsində olublar. Burada hərbi hissənin istifadəsində olan hərbi texnikaya, müxtəlif silahlandırma vasitələrinə baxış keçirilib, Milli Qvardiyanın Muzeyi ilə tanışlıq olub.
Səfərin sonuncu günü - mayın 31-də nümayəndə heyəti Karaqanda şəhərində Qazaxıstan Milli Qvardiyasının Mərkəzi Regional Komandanlığının rəhbəri, general-mayor Erkin Botakanov ilə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən sonra Azərbaycan nümayəndə heyəti regional komandanlığın iki hərbi hissəsinə baş çəkiblər. Nümayəndə heyəti hərbi hissənin hərbi-texniki imkanları, şəxsi heyətin xidməti-döyüş fəaliyyəti, sosial-məişət şəraiti ilə tanış olub.
Daxili Qoşunların nümayəndə heyətinin Qazaxıstan Respublikasına səfəri mayın 31-də başa çatıb.