CƏMİYYƏT
Dəmir yolunun “Hövsan 1” stansiyasının ərazisindən məhəccərlər oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 20 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Suraxanı rayonunda yerləşən “Hövsan 1” stansiyasının ərazisindən hər birinin uzunluğu 2 metr olan dəmir məhəccərlər naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olan kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində dəmir məhəccərlərin Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Hacıyev tərəfindən oğurlandığı məlum olub. Saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.
Qeyd edək ki, A.Hacıyev oğurladığı dəmir məhəccərləri metal qəbul məntəqələrindən birinə dəyər-dəyməzinə satıb.
Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.