Dendrologiya İnstitutunda beynəlxalq simpozium keçiriləcək
Bakı, 7 iyul, AZƏRTAC
Bu ilin sentyabrında Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada Biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpozium keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla çoxlu sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri üzrə təşkil olunacaq.
Xatırladaq ki, beynəlxalq simpozium 2015-ci ildə Azərbaycanda Dendrologiya İnstitutunda, 2016-cı ildə Türkiyənin Pamukkale Universitetində (Denizli), 2017-ci ildə Belarus Dövlət Universitetində (Minsk), 2018-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetində və 2021-ci ildə isə Al-Farabi adına Qazaxıstan Dövlət Universiteti və Türkiyənin Muğla Sıtkı Koçman Universitetində keçirilib.