Deputat: Azərbaycanı heç bir təxribat və pozucu fəaliyyət mövqeyindən yayındıra bilməz
Bakı, 16 iyun, AZƏRTAC
Ermənistan tərəfinin Laçın dövlət sərhəd-buraxılış məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına odlu silahlardan atəş açması, nəticədə hərbiçimizin yaralanması sülhə açılan atəşdir. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi məqsədyönlü təxribatdır. Məlumdur ki, son vaxtlar Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması ilə bağlı dialoq intensivləşib. Bu intensivlik pozitiv nəticələrin olacağı ilə bağlı ümidləri də artırıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, görünən budur ki, hazırda Azərbaycanla Ermənistan arasında gedən danışıqlar, sülh prosesinin intensivləşməsi həm Rusiyanı, həm də Ermənistandakı rusiyapərəst qüvvələri ciddi narahat edir. Bu təxribatın məhz sülh prosesinə zərbə vurmaq məqsədilə törədildiyi dəqiqdir.
“Aydındır ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı da yaxşı zəmin yaranıb. Hətta bu istiqamətdə irəliləyişin olması qaçılmazdır. Vəziyyətin bu istiqamətdə inkişafı Ermənistandakı rusiyapərəstlərin maraqları ilə üst-üstə düşmür. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan qrup dayanıqlı sülhün bərqərar edilməsinə, etnik ermənilərin reinteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışır. Lakin heç bir təxribat və pozucu fəaliyyət Azərbaycanı mövqeyindən yayındıra bilməz”, - deyə K.Nurullayeva vurğulayıb.
O bildirib ki, hazırda Azərbaycanın müvafiq orqanları məsələ ilə bağlı cinayət işi qaldırıb və Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən keçid dayandırılıb. Azərbaycan tərəfi haqlı olaraq Ermənistandan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməsini tələb edir. Bu təxribatla bağlı beynəlxalq ictimaiyyət də mövqe bildirməli, regionda sülhə və təhlükəsizliyə zərbə vuran addımları qınamalıdır.