Deputat: Azərbaycanın Albaniya ilə əməkdaşlığı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir
Bakı, 7 iyul, AZƏRTAC
Albaniya Prezidenti Bayram Beqayın ölkəmizə səfəri və keçirilən görüşlərdə müzakirə edilən məsələlər münasibətlərin daha da gücləndirilməsinə müsbət impuls verdi. Azərbaycanın bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Azərbaycan ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Onun sözlərinə görə, 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak edib. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib. TAP-ın layihəsi ümumilikdə Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırdıb.
Aydın Hüseynov əlavə edib ki, ölkəmiz Albaniya ilə qeyri-neft sektoru sahəsində əməkdaşlığa hazırdır. Prezident İlham Əliyevin də bildirdiyi ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar.
A.Hüseynov Azərbaycan və Albaniya prezidentlərinin görüşlərinə diqqətləri yönləndirərək bildirib ki, enerji sektorunda əməkdaşlıq nəinki hər iki ölkə arasında, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir. Deputat qeyd edib ki, bu onu göstərir ki, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Prezident İlham Əliyevində dediyi kimi, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi nəzərə alınsa, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır.