Deputat: Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzu Ermənistanı növbəti dəfə fiaskoya uğratdı
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün çağırılan təcili iclas və nəticələri Ermənistanın növbəti fiaskosu oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, iclasda fakt qarşısında aciz qalan Ermənistan növbəti diplomatik məğlubiyyətlə üzləşdi. “Ermənistanın “koridor” şousu biabırçı şəkildə iflasa uğradı. 30 ildən çox müddət ərzində Təhlükəsizlik Şurasının beynəlxalq hüquqa söykənən 4 qətnaməsini heçə sayan və quruma hörmətsizlik nümayiş etdirən Ermənistanın bu quruma müraciət etməsi gülüncdür. Əvvəlcədən planlaşdırılmış məkrli siyasi ssenarinin bu hissəsi erməni siyasi riyakarlığının bariz nümunəsidir.
“2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təklif edib. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq “Laçın” dəhlizi adlanan yol vasitəsilə Qarabağda yaşayan mülki ermənilər üçün humanitar yüklərin daşınmasına şərait yaratdı.
Lakin Ermənistan bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etdi”, - deyə S.Mikayılova qeyd edib.
Deputat bildirib ki, Ermənilərin bu cür qanunsuz davranışları Azərbaycanı öz suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində “Laçın” dövlət sərhəd buraxılış məntəqəsi yaratmağa məcbur etdi. Bununla belə, Azərbaycan Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılması da təklif edilib. Lakin Ermənistan tərəfi bu yoldan istifadədən imtina etməklə öz siyasi oyunbazlığını bir daha ortaya qoydu. Bu bir daha göstərdi ki, Ermənistan Qarabağda yaşayan sadə erməni sakinləri deyil, öz çirkin niyyətlərini həyata keçirmək məqsədi güdür. Əgər Ermənistan həqiqətən də bölgədə mülki erməniləri düşünsəydi, Ağdam-Xankəndi yolundan istifadəyə etiraz etməzdi. Necə deyərlər, yol yox, təchizat vacibdir.
“Bu və digər faktlar müzakirə zamanı ucadan səsləndirilməklə Ermənistanın niyyətinin əsl mahiyyəti sərgiləndi, növbəti siyasi şousunun qarşısı alındı və erməni yalan təbliğatı beynəlxalq ictimaiyyət qarşısında bir daha ifşa edildi. Bütün iclas iştirakçıları Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını qəbul etdi. Təbii ki, bu, ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzunun və uzun illər aparılan haqq işimizin beynəlxalq ictimaiyyət tərəfindən düzgün qəbul edildiyinin göstəricisidir. Ermənistan üçün isə bu, diplomatik fiasko, Ermənistan xarici siyasətinin aciz durumunu ortaya qoyur. İkrah doğuran məqam isə odur ki, bu qədər faktlar ortada olduğu halda Ermənistan utanmadan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. “Utanmasan oynamağa nə var ki?” misalı bu arada tam olaraq Ermənistanın əyninə oturur”, - deyə Sevil Mikayılova əlavə edib.