Deputat: Bundan sonra sülh danışıqlarında diktə edən tərəf Azərbaycandır

Bakı, 10 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Ermənistanla bərabər, bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünya KİV-lərinə verdiyi müsahibələrində qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub və öz ərazilərini azad etməyə qadirdir.
Ali Baş Komandanın ermənipərəst qüvvələrin təzyiqlərinə məhəl qoymaması dövlətimizin başçısının əzmini, qətiyyətini nümayiş etdirdi. Bununla bərabər, Azərbaycan əsgərinin rəşadəti və öz doğma torpaqları uğrunda ruh yüksəkliyi ilə vuruşması qələbənin, cəbhədəki üstünlüyünün əsas şərtlərindən biridir. Prezident İlham Əliyev qalib ölkənin rəhbəri kimi status-kvonu özü müəyyən edir. Bundan sonra sülh danışıqlarında diktə edən tərəf Ermənistan deyil, Azərbaycandır. Prezident İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində də qeyd etdiyi kimi, Moskva danışıqları Ermənistan üçün sonuncu şansdır: “Əgər Ermənistan bu şansdan istifadə etməsə və Azərbaycan tərəfinin şərtləri ilə razılaşmasa, Ermənistanı daha ağır günlər gözləyir. Bundan sonra onlara heç kəs kömək edə bilməyəcək”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
K.Əliyevanın sözlərinə görə, bu müharibədə Azərbaycanı dəstəkləyən, onun yanında olan bir çox dövlət və beynəlxalq qurum oldu. Bu ölkələr və qurumlar, əslində, haqqa, ədalətə dəstək vermiş oldular. Çünki bizim başqa ölkənin torpaqlarında gözümüz yoxdur, ancaq özümüzün olanları istəyirik.
“Haqq mübarizəmizdə bizi dəstəkləyənlər arasında Azərbaycanın sədrlik etdiyi və özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı da var. Bu dəstək bizə əlavə güc və ruh verir. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük ikinci beynəlxalq təşkilatdır. BMT-yə üzv dövlətlərin yarısından çoxu bu təşkilatın üzvüdür. Azərbaycan Prezidentinin yürütdüyü müdrik və məqsədyönlü siyasət nəticəsində demək olar ki, dünyanın əksər dövlətləri Azərbaycan və Ermənistan arasında baş verən bu müharibədə bizi haqlı sayırlar.
Azərbaycanın işi haqq işidir. Azərbaycan Ordusu işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə azad edəcək. Qarabağ Azərbaycandır!”, - deyə Kamilə Əliyeva vurğulayıb.