Deputat: Özbəkistan Prezidentinin səfəri iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirəcək
Bakı, 24 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Özbəkistana, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə müntəzəm xarakter alan qarşılıqlı səfərləri əməkdaşlıq imkanlarının daha da güclənməsinə və iqtisadi əlaqələrin artmasına səbəb olur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir.
A.Hüseynovun sözlərinə görə, ölkələr arasında iqtisadi potensial da böyükdür. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub, tərəflər bu rəqəmi 2 dəfə artırmağı nəzərdə tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon dollar dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.
Aydın Hüseynov bildirib ki, Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqdadır, xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Özbəkistanın azad edilmiş Füzuli şəhərində məktəb inşa etməsi, aparılan quruculuq layihələrində təmsil olunması əsl qardaşlıq və strateji dostluq nümunəsi hesab edilə bilər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident İlham Əliyevlə görüşünü və hər iki ölkənin hökumət üzvlərindən ibarət geniş tərkibdə görüşünü mühüm siyasi-iqtisadi hadisə adlandıran deputat hesab edir ki, bu görüş iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirəcək. Səfər çərçivəsində imzalanmış 20 sənəd, o cümlədən dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” münasibətlərin inkişafında yeni səhifə açacaq. Həmin sənədlər iqtisadiyyat, sənaye, ticarət, rəqəmsal inkişaf və nəqliyyat, energetika, media və digər sahələrdə çoxtərəfli əməkdaşlıq üçün möhkəm bünövrə sayıla bilər.