Deputat: Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə imkan verəcək
Bakı, 15 iyun, AZƏRTAC
Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu günədək də Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi tanımayıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. O deyib: “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Deputat deyib: “Ümumiyyətlə, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin mövqeyi və yürütdükləri siyasət İslam dünyasında əlaqələrin inkişafına, müsəlman ölkələrinin maraqlarının müdafiəsinə yönəlib. Azərbaycan da hər zaman Türk və İslam dünyaları ilə sıx münasibətlər qurub. Bu baxımdan ölkəmizin Türkiyə və Pakistanla münasibətləri xüsusilə vurğulanmalıdır. İyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, 15-də isə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərləri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür”.
V.İskəndərov vurğulayıb ki, Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur, siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. bu səfər mövcud əməkdaşlığın və tərəfdaşlığın möhkəmlənməsinə daha bir töhfə olacaq.