SİYASƏT
Deputat: Saman çöpündən yapışan Ermənistanın ümidi muzdlulara qalıb
Bakı, 15 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Artıq Ermənistan ordusunda döyüşməyə əsgər qalmayıb. Ermənistanda 60 yaşdan yuxarı kişilərin, məktəblilərin orduya cəlb edilməsi, 55 yaşa qədər kişilərin ölkəni tərk etməsi ilə bağlı qadağanın qoyulması da bütün bu deyilənlərin sübutudur. Yağı düşmənin son ümid üçün cəhdləri və düşündükləri də heç nəyə yaramır. Onlar çabalayır, vurnuxurlar. Saman çöpündən yapışan Ermənistanın tək ümidi ona qalıb ki, ölkədən kənarda yaşayanlara, ələlxüsus da muzdlulara müraciət etsin.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat qeyd edib ki, Ermənistanın rəsmi şəxsləri açıq müraciətlər ünvanlayaraq xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edirlər. Ermənistan qanunvericiliyə dəyişikliklər edərək muzdluların orduya cəlb olunmasını qanuniləşdirib. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın “Müdafiə haqqında” qanuna “dəyişikliklər” etməsi barədə təşəbbüsü və “dəyişikliklər”in qəbul olunması xarici muzdluların Ermənistan ordusunun sıralarında iştirakının legitimləşdirilməsinə xidmət edir.
Deputat diqqətə çatdırıb ki, riyakar düşmən, faşist təfəkkürlü erməni caniləri yenə də uduza-uduza, itirə-itirə gedirlər. Bundan sonra da uduzacaqlar, itirəcəklər! Erməni qəsbkarları, təxribatçıları heç bir halda Qarabağ döyüşlərində qalib ola bilməyəcəklər. Ermənistan öz ordusuna indikindən yüz dəfə də artıq adam, əsgər yığsa, cəlb etsə belə, yenə də Azərbaycanın şanlı, qüdrətli Ordusu qarşısında davam gətirə bilməyəcək.
“Bizim mübarizəmiz haqq mübarizəsidir, bizim qəhrəman əsgərlərimiz əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşürlər. Qələbə də haqqın tərəfində olacaq. Buna adımız qədər əminik. Tanrı dövlətimizi, millətimizi, Ordumuzu, Ali Baş Komandanımızı qorusun”, - deyə Elşən Musayev fikirlərini yekunlaşdırıb.