Diaspor gənclərinin azərbaycanlı jurnalistlərlə debatı təşkil olunub
Bakı, 14 avqust, AZƏRTAC
Naxçıvanda keçirilən “Heydər Əliyev - 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində təşkil edilən növbəti panel media mövzusuna həsr olunub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə aparılan paneldə Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, Mətbuat Şurasının üzvü Elşad Eyvazlı və “Global Media Group”un media direktoru Həmid Həmidov iştirak ediblər.
Panelistlərlə debat zamanı diaspor gənclərinin fəaliyyət istiqamətləri, xarici ölkələrdəki platformalara çıxış imkanları, Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, diaspor gənclərinin missiyası və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb. Fikir müxtəlifliyi ilə müşayiət olunan diskussiyanın gedişində “diaspor gənci xaricdə necə fəaliyyət göstərməlidir, Azərbaycana hansı faydaları verməlidir, yaşadığı ölkəyə necə inteqrasiya olunmalıdır, dilimizi, milli kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qoruyub saxlamalıdır” kimi suallara aydınlıq gətirilib.
Qeyd edək ki, bu debat “İctimai TV” ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramında yayımlanacaq.