Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 21-ci ildönümü qeyd olunub
Bakı, 7 iyul, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılmasının 21-ci və Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasının 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən komitə sədri Fuad Muradov bu əlamətdar gün münasibətilə diaspor hərəkatına töhfə verən hər bir azərbaycanlını təbrik edib. Diasporla İş üzrə Dövlət Komitəsinin Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılmış “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisi olduğunu xatırladıb.
Heydər Əliyev siyasi kursunun hazırda da uğurla davam etdirildiyi, qalib xalqımızın diaspor hərəkatının yeni mərhələyə qədəm qoyduğu və Komitənin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında dövlətimizin başçısının tövsiyələri istiqamətində fəaliyyət göstərdiyi qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə milli mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Sonra komitənin yaradılmasını, fəaliyyətini, Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanmasına dair fikirlərini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev qurumun fəaliyyətindən danışıb. Ardınca Fondun 5 illik fəaliyyəti barədə videoçarx təqdim edilib.
Çıxış edən diaspor nümayəndələri Səadət Abdullayeva (Gürcüstan), Ələddin Məmmədov (Rusiya), Əjdər Tağızadə (İsveç), Teymur Rzayev (Türkiyə), Maya Bağırova( Fransa), Ceyhun Nəcəfov (Kanada), Kamilla Məmmədova və Zəminə Mirhadıyeva (ABŞ) Komitənin və Fondun yaradılmasını diaspor tarixində mühüm hadisə adlandırıblar.
Tədbirdə iştirak edən Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbok Azərbaycana sevgisindən və Azərbaycan musiqisinin gözəlliklərindən söz açıb. Çıxışını “Qarabağ Azərbaycandır!” sözləri ilə tamamlayan musiqiçi kamançada muğam parçası ifa edib.