Dil öyrənmədə yeni yanaşma: əzbərdən ünsiyyətə, dərslikdən süni intellektə
Bakı,11 sentyabr, AZƏRTAC
Son illərdə ingilis dilinin tədrisi ənənəvi əzbərləmə və tərcümə modelindən daha praktik və interaktiv yanaşmaya keçib. Müasir dövrdə şagirdlərdən yalnız qrammatik qaydaları və sözləri bilmək deyil, həm də dili real ünsiyyətdə tətbiq etmək, dinləmək, danışmaq, oxumaq və yazmaq bacarıqlarına sahib olmaq tələb olunur. 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Gülbahar Quliyeva AZƏRTAC-a müsahibəsində dil tədrisi prosesində yeni yanaşmalardan danışıb. Müsahibəni təqdim edirik.
-Son illərdə ingilis dilinin tədrisi necə dəyişib? Müasir şagirdə dil öyrətmək əvvəlkindən nə ilə fərqlənir?
-Son illərdə ingilis dilinin tədrisi köklü şəkildə dəyişib. Əvvəllər əsasən sözlərin əzbərlənməsi, mətnlərin oxunması və tərcümə edilməsi üzərində qurulan tədris modeli üstünlük təşkil edirdisə, hazırda şagirdlərin oxuyub-anlama, danışıq, dinləmə və yazı bacarıqlarının inkişafını əsas götürən müasir tədris modelindən istifadə olunur. Əvvəllər şagirdlər ingilis dilini daha çox ədəbi və akademik dil kimi, əsasən dərsliklər vasitəsilə öyrənirdilərsə, bu gün onlar dili gündəlik həyatda istifadə olunan və ünsiyyətə xidmət edən canlı bir vasitə kimi mənimsəyirlər. Bu dəyişiklik ingilis dilinə bütün dünyada artan tələbat və onun beynəlxalq ünsiyyət dili kimi geniş istifadə olunması ilə əlaqədardır.
-Dərslərinizdə hansı texnologiyalardan istifadə edirsiniz?
-Dərslərimdə müxtəlif dinləmə vasitələrindən, videolardan, ingilis dilinin öyrənilməsi üçün hazırlanmış xüsusi proqram və platformalardan (məsələn, “Canva” və s.), süni intellekt alətlərindən, onlayn lüğətlərdən və axtarış platformalarından istifadə edirəm. Fikrimcə, rəqəmsal resurslar şagirdlərin dil öyrənməsinə olduqca müsbət təsir göstərir. Əvvəllər şagirdlər məlumatı əsasən kitabdan əldə edir və çox vaxt əzbərləmə yolu ilə mənimsəyirdilərsə, indi öyrəndiyimiz mövzu ilə bağlı daha geniş və ətraflı məlumat əldə etmək, müxtəlif mənbələrdən yararlanmaq və əldə etdiyimiz bilikləri praktik şəkildə tətbiq etmək imkanımız var.
-Bu gün ingilis dilini yalnız dərsliklə öyrənmək kifayətdirmi?
-Xeyir, kifayət deyil. Dili mənimsəmək üçün onu gündəlik həyatda istifadə etmək, bu dildə ünsiyyət qurmaq və müxtəlif məlumatlar əldə etmək vacibdir. Şagirdlərin dili daha yaxşı mənimsəmələri üçün onların real ünsiyyət mühitinə cəlb olunması, müxtəlif audio və vizual materiallardan, rəqəmsal resurslardan və interaktiv vasitələrdən istifadə etmələri böyük əhəmiyyət daşıyır.
-Şagirdlərin gündəlik həyatında dil mühitini necə yaratmaq olar?
-Bunun üçün dərs zamanı ünsiyyəti ingilis dilində qurmaq, şagirdləri bir-biri ilə ingilis dilində ünsiyyət yaratmağa təşviq etmək, onlarda dil öyrənməyə həvəs formalaşdırmaq və səhv etməkdən qorxmamağı aşılamaq lazımdır. Evdə isə onları ingilis dilində müxtəlif məlumatlar əldə etməyə, filmlərə və videolara baxmağa həvəsləndirmək vacibdir. Bu yolla şagirdlər ingilis dilini yalnız dərs mövzusu kimi deyil, gündəlik həyatlarında istifadə etdikləri bir ünsiyyət vasitəsi kimi qəbul etməyə başlayırlar.
-Süni intellekt ingilis dili müəllimini əvəz edə bilərmi, yoxsa müəllimin rolunu dəyişir?
-Süni intellekt ingilis dili müəllimini əvəz edə bilməz, lakin müəllimin rolunu dəyişdirə və onun fəaliyyətində köməkçi vasitə kimi istifadə oluna bilər. Dil öyrənmə prosesində ünsiyyət və dialoq qurmaq olduqca vacibdir. Bunun üçün insanlar arasında qarşılıqlı ünsiyyət və canlı əlaqə mütləqdir. Bununla yanaşı, süni intellektdən müəllimə və şagirdə dəstək olan köməkçi vasitə kimi istifadə etmək mümkündür. Məsələn, süni intellekt şagirdlərin danışıq və yazı bacarıqlarının inkişafına, yeni sözlərin öyrənilməsinə, müxtəlif mövzular üzrə dialoqların qurulmasına və fərdi məşqlərin hazırlanmasına kömək edə bilər. Bu baxımdan, süni intellekt müəllimi əvəz edən deyil, müəllimin imkanlarını genişləndirən müasir bir tədris vasitəsidir.
Müxbir -Tünzalə Arazlı