Dillər Universitetində Çin Yeni ili qeyd olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Yeni ilinə həsr olunmuş “Azərbaycan Çin Yeni ilini qeyd edir” adlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, gecədə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşaviri Dinq Tao qonaqları bayram münasibətilə təbrik edib, Çin-Azərbaycan dostluq münasibətlərinin mütərəqqi inkişafından, iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsindən, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın genişləndiyindən bəhs edib.
Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova çıxışında Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlığın, ADU-da Çin dili və mədəniyyətinin tədrisinin inkişaf etdirilməsinin vacibliyini bildirib.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Yeni il ay təqviminə görə sabitlik və əmin-amanlığı təcəssüm etdirən, ailə bağlarını möhkəmləndirən dovşan ilidir. R.Abbasov qədim tarixə və zəngin mədəni məzmuna malik ənənəvi Çin bayramlarının keçirilməsinin ADU-nun Konfutsi İnstitutunun fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu deyib. O, ADU-nun Konfutsi İnstitutunun Azərbaycan ictimaiyyətinin Çinin unikal mənəvi mədəniyyəti ilə daha yaxından tanış olması və tarixən Böyük İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Tədbirdə Çin dili kurslarının tələbələri və ADU-nun Konfutsi İnstitutunun müəllimləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında ənənəvi Çin mahnı və rəqslərinin ifası, Çin fleytasında “Hulusi” xalq musiqisi, Çin və Azərbaycan mədəniyyətinin elementlərini birləşdirən art-instalyasiya təqdim olunub.
Bundan əvvəl ADU-nun Konfutsi İnstitutu “CÂSÂ.CÂS” Kulinariya İncəsənət Mərkəzi ilə birgə “Çin Yeni ilinin dadı” adlı Çin kulinariya və mədəniyyəti festivalı keçirib. Tədbirdə Çin qonqunun və nağarasının sədaları altında ənənəvi əjdaha rəqsinin nümayişindən və Çin musiqisinin təqdim olunduğu konsertdən sonra Çin düşbərəsinin hazırlanması və çay mərasimi, xəttatlıq üzrə master-klaslar təşkil edilib.