Dmitri Şostakoviçin anadan olmasının 120 illiyi tamam olur
Moskva, 25 sentyabr, AZƏRTAC
Bu gün XX əsrin ən böyük bəstəkarlarından biri, yaradıcılığı qlobal musiqi mədəniyyətinə və bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bəstəkarlıq məktəblərinin inkişafına əhəmiyyətli təsir göstərən Dmitri Şostakoviçin anadan olmasının 120 illiyi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Dmitri Şostakoviç 1906-cı il sentyabrın 25-də Sankt-Peterburqda anadan olub. O, 1919-cu ildə Petroqrad Konservatoriyasına daxil olub. Gənc yaşlarında yazdığı “Birinci simfoniya” ona geniş şöhrət qazandırıb.
Şostakoviçin yaradıcılıq irsinə 15 simfoniya, 15 simli kvartet, opera, konsert, kamera və vokal əsərləri, teatr və kino üçün musiqi daxildir. Böyük Vətən müharibəsinin musiqi rəmzlərindən birinə çevrilən Yeddinci və ya “Leninqrad” simfoniyası onun irsində xüsusi yerə malikdir. Bəstəkarın bu əsərinin məşhur ifası 1942-ci il avqustun 9-da blokadada olan Leninqradda baş tutub.
Şostakoviçin yaradıcılıq bioqrafiyasında xüsusi bir fəsil Azərbaycanla bağlıdır. Görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyev onun Moskva Konservatoriyasındakı dərslərində bacarıqlarını təkmilləşdiriblər. Şostakoviç və onun bəstəkarlıq məktəbi ilə qarşılıqlı əlaqəsi onların peşəkar inkişafında mühüm rol oynayıb.
Qara Qarayev sonradan öz bəstəkarlıq məktəbini yaradıb və XX əsr Azərbaycan musiqisinin ən görkəmli simalarından birinə çevrilib. Beləliklə, Şostakoviçin pedaqoji və yaradıcılıq ənənələri sonrakı nəsil Azərbaycan bəstəkarları tərəfindən davam etdirilib.
Dmitri Şostakoviç dəfələrlə Bakıda olub, Azərbaycan musiqi mədəniyyətinin nümayəndələri ilə yaradıcı əlaqələr saxlayıb və milli bəstəkarlıq məktəbinin inkişafına böyük maraq göstərib.
Bəstəkarın anadan olmasının 120 illiyi münasibətilə Rusiyada bir sıra xatirə və musiqi tədbirləri keçirilir. Sentyabrın 25-də Moskva Dövlət Çaykovski Konservatoriyasında Dmitri Şostakoviçin yubileyinə həsr olunmuş konsert keçiriləcək. Bu payız Moskva Konservatoriyası və Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyası da konsertlər, sərgi, beynəlxalq akademik konfrans da daxil olmaqla birgə yubiley layihəsi həyata keçirəcək.
Dmitri Şostakoviç 1975-ci il avqustun 9-da Moskvada vəfat edib. Onun əsərləri dünyanın aparıcı orkestr və ifaçılarının repertuarına daxil edilir.