Dosent: Şair Mazun Qaşqay poetik yaddaşının öyrənilməsi üçün mühüm simalardan biridir
AZƏRTAC türk xalqlarınn folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir
Bakı, 24 sentyabr, AZƏRTAC
Qaşqay və Azərbaycan aşıq mühitləri arasında mühüm paralellərdən biri də dastançılıq ənənəsidir. Hər iki mühitdə aşıq yalnız mahnı ifaçısı kimi deyil, müəyyən süjet və obrazlar sistemini qoruyub saxlayan, onu yeni ifa zamanı yenidən qurmağı bacaran sənətkar kimi çıxış edir. Aşıq ifasında mətnin müəyyən hissələri sabit qala bildiyi halda ayrı-ayrı poetik parçalar, melodik keçidlər və ifadələr ifaçının yaradıcılıq imkanlarından asılı olaraq dəyişə bilər. Bu xüsusiyyət şifahi ənənənin əsas prinsiplərindən biri olan variantlılıq anlayışı ilə bağlıdır. Qaşqay aşıq repertuarında məhəbbət mövzusu da geniş yer tutur.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova söyləyib.
O vurğulayıb ki, “Qərib və Sənəm”, “Əsli və Kərəm” kimi süjetlər sevgi, ayrılıq, həsrət, sədaqət və qovuşmaq arzusu ətrafında qurulur: “Bu baxımdan Qaşqay aşıq yaradıcılığı türk xalqlarının məhəbbət dastanları ənənəsi ilə sıx əlaqə göstərir. Eyni zamanda, Qaşqay musiqisinin ümumi xarakterində kədərli və lirik melodiyaların mühüm yer tutduğu qeyd edilir. Bu xüsusiyyət köçəri həyatın çətinlikləri, yurd və köç yaddaşı, ayrılıq və təbiət duyğuları ilə əlaqələndirilir”.
İlhamə Qəsəbova Qaşqay şifahi poeziyasında aşıq ənənəsinin başqa poetik sistemlərlə qarşılıqlı əlaqəsinin də diqqəti cəlb etdiyini bildirib: “Fars bölgəsinin çoxdilli mədəni mühiti Qaşqay poetik yaradıcılığına təsir göstərmişdir. Qaşqay şairi Mazunun yaradıcılığında türkcə ilə yanaşı, farsca və bəzi luri nümunələrinin mövcudluğu, poeziyasının isə türk xalq mahnıları və aşıq ənənəsi ilə əlaqələndirilməsi bu mədəni qarşılıqlı əlaqənin nümunəsidir. Burada aşıq ənənəsi yalnız bir janr sistemi kimi deyil, müxtəlif poetik-musiqi təbəqələrinin qarşılıqlı təsir göstərdiyi geniş folklor mühiti kimi meydana çıxır. Bu baxımdan Mazun Qaşqay poetik yaddaşının öyrənilməsi üçün mühüm simalardan biridir. Onun yaradıcılığının böyük hissəsi Qaşqay türkcəsindədir, fars və luri dillərində də nümunələri mövcuddur. Mazunun qəzəllərində sufi poeziyası, türk xalq məhəbbət mahnıları və aşıq poetikası arasında əlaqələr müşahidə olunur. Bu fakt Qaşqay mühitində yazılı və şifahi poeziyanın bir-birindən təcrid olunmadığını, əksinə, qarşılıqlı şəkildə bir-birini zənginləşdirdiyini göstərir”.