DOST konsepsiyası inzibati idarəçilik baxımından ixrac edə biləcəyimiz növbəti alətə çevrilir
Bakı, 13 yanvar, AZƏRTAC
Hazırda ölkədə 6 DOST mərkəzi fəaliyyət göstərir. İndiyədək 1 milyon 200 mindən çox vətəndaş DOST mərkəzlərinin xidmətindən yararlanıb. Vətəndaşların məmnunluq səviyyəsi 98 faizdən yuxarıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-də çıxışı zamanı deyib.
“Müxtəlif ölkələrdə məşğulluq, əlilliklə bağlı xidmətlərin bir pəncərədən göstərilməsi var. Lakin DOST konsepsiyası kimi ümumilikdə 150-dən çox xidməti bir pəncəyə toplayan mexanizm beynəlxalq təcrübədə rast gəlinməyib. Təsadüfi deyil ki, son bir ildə, nazirlik, xüsusilə DOST Agentliyi 11 beynəlxalq mükafat alıb, 12 beynəlxalq sertifikata layiq görülüb. Həm xidmət keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm korrupsiyaya qarşı mübarizə sahəsində ISO sertifikatı əldə etmişik. Həm də dünyanın sosial təminat sahəsində ən böyük təşkilatı olan Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən mükəmməllik sertifikatına layiq görülmüşük. Assosiasiya tərəfindən DOST mexanizmi nümunə kimi digər ölkələrə göstərilib. Moldova, Rumıniya, Serbiya, Mərkəzi Asiya ölkələrinin nümayəndələri Azərbaycana gələrək DOST mexanizmini öyrənib, memorandum imzalayıblar. Həmin ölkələrdən bir neçəsinə DOST mexanizmi yaratmağa kömək edəcəyik. Hətta Şərqi Avropa ölkələri belə həmin mexanizmi öz ölkələrində tətbiq eləmək istəyirlər. Düşünürəm ki, DOST konsepsiyası Azərbaycanın inzibati idarəçilik baxımından beynəlxalq səviyyədə ixrac edə biləcəyi növbəti alətə çevrilir”, - deyə S.Babayev qeyd edib.
Nazir bildirib ki, hazırda DOST şəbəkəsi Bakı şəhəri və Abşeron rayonunu əhatə edir: “Bu il Bərdə və Quba regional mərkəzlərinin tikintisinin tam olaraq bitəcəyinə ümid edirik. Paralel olaraq Gəncə, Sumqayıt, Sabirabad, Masallı, Ucar, Naxçıvan və digər ərazilərdə də həmin mərkəzlərin yaradılması ilə bağlı işlər aparılır. Qısa müddət ərzində bütün regionlarda mərkəzlər şəbəkəsi yaradılacaq. Ümumilikdə DOST şəbəkəsi bütün ölkəni əhatə edəcək”.