Dövlət Komitəsinin sədri Siyəzən və Xızıdan olan vətəndaşlarla görüşüb
Siyəzən, 27 avqust, Elxan Yusifli, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 27-də Siyəzən rayon Gənclər evində Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə əməkdaşının da iştirak etdiyi qəbulda vətəndaşların ailədaxili məsələlər, uşaqla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi üçün müvafiq tapşırıqlar verilib, həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq icraata götürülüb. Dövlət Komitəsinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.