Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də 13 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
Dövlət İmtahan mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 16-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 31-i isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyində və Dövlət Statistika Komitəsində şöbə müdiri vəzifələridir. Ümumilikdə isə Qida Təhlükəsizliyi Agentliyində 20, Kənd Təsərrüfatı Nazirliyində 9, Maliyyə Nazirliyində 4, Dövlət Statistika Komitəsində 3, Məhkəmə-Hüquq Şurasında 2, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2, Hesablama Palatasında 1, Təhsil Nazirliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Dövlət Turizm Agentliyində 1, Milli Arxiv İdarəsində 1, Gəncə Kommersiya Məhkəməsində 1, Gəncə İnzibati Məhkəməsində 1 vəzifə olmaqla 47 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə martın 15-dən aprelin 13-ü saat 18:00-dək Mərkəzin internet portalında qeydiyyatdan keçməlidirlər.